Reklam verin!
Ünvan: AZ 1001, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 23, mənzil 7. Tel./faks: 012 492 69 50, mobil: 050 388 47 26, E-mail: imvt@inbox.az
mediaMedia Hüququ İnstitutu (MHİ) Azərbaycanda medianın hüququ durumu ilə bağlı növbəti aylıq hesabatını açıqlayıb. “Azərbaycanda media hüququ: önəmli olaylar və tendensiyalar” adlanan sənəd 2008-ci ilin mart ayında ölkə mediasında baş verənlərın statistika və şərhini əhatə edir. Sənədin hazırlanmasına Almaniyanın Fridrix Ebert Fondu dəstək verib.

Hesabatda vurğulanır ki, mart ayında tənqidçi medianı sıradan çıxarmaq cəhdləri səngiməyib. Ölkənin azsaylı müstəqil qəzetlərindən olan “Azadlıq”ın baş redaktoru sifarişli məhkəmə hökmü ilə uzun müddətə azadlıqdan məhrum edilib. Media Hüququ İnstitutu cəsarətli jurnalistin həbsini tənqidçi mediaya gözdağı, “Azadlığ”ın susdurulması sifarişinin səliqəsiz icrası kimi dəyərləndirib.
Sənədin mediaya qarşı məhkəmə işlərinə yer verilən bölümündə tanınmış jurnalist Eynulla Fətullayevin həbsinə bais olmuş Tatyana Çaladzenin bu dəfə başqa tənqidçi qəzeti – “Bakı Xəbər”-i hədəfə aldığı vurğulanır. Qaçqın və Məcburi Köçkünlərin Müdafiə Komitəsinin rəhbəri kimi tanınan xanım məhkəmədən tənqidçi qəzetin üzərinə 50.000 AZN ödənc və və təkzib vermək vəzifəsi qoyan qətnamə çıxarmağı tələb edib. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıdan məhkəməyə şikayət edən “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov isə daha ağır tələblər irəli sürüb – məmur tanınmış jurnalistə cinayət işi açılmasını tələb edib. Hesabatda həmçinin “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin qurucusu Eynulla Fətullayevin Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət etdiyi, “Bizim yol” qəzetinin şərlənmiş şöbə redaktoru Müşfiq Hüseynovun apellyasiya şikayətinin təmin edilmədiyi də qeyd olunub. Hesabata görə, ümumilikdə martda mediaya, jurnalistlərə qarşı məhkəmə davalarının sayında azalma müşahidə olunub.

Jurnalistlərin bilgi əldə etmə imkanlarının olduqca aşağı olduğu vurğulanan hesabatda mediaya, jurnalistlərə qarşı fiziki təhdidlərə geniş yer verilib. Sənədə görə, Azərbaycanda jurnalistlərə qarşı təhdid hallarında ciddi artı müşahidə olunmaqdadır. Martda hökuməti sərt tənqid edən mövqeyi ilə tanınan “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil növbəti dəfə basqına məruz qalıb. Kimliyi bəlli olmayan şəxslər redaksiyadan evə dönən Aqil Xəlilin ürəyinin üstündən döş qəfəsinə bıçaq vurub qaçıblar. Jurnalistin fevral ayında basqına məruz qalması faktı da araşdırılmayıb. Hesabat müəlifləri tənqidçi jurnalistə qarşı törədilən qorxulu basqınların Azərbaycanda tənqidi səsləri boğa, azad medianı ictimai önəmli məsələlərlə bağlı açıq və tənqidi ifadələr işlətməkdən çəkindirə biləcəyini vurğulayıblar.
Hesabata görə, “Nota bene” qəzetinin həbsdən azad edilmiş əməkdaşı Fərəməz Allahverdiyev (Novruzoğlu) yenidən ölümlə hədələnib. Jurnalist hədələnməsi ilə bağlı Daxili İşlər, Milli Təhlükəsizlik Nazirliklərinə, prokurorluğa müraciət etsə də onu ölümlə təhdid edənlər tapılmayıb. Martda “Yeni Müsavat” qəzetinə də naməlum qorxulu zəng gəlib. “Hürriyyət” qəzetinin müxbiri İkram Rafiqoğlunu Gəncə Şəhər Polis İdarəsi rəisinin müavini İlqar Balakişiyev hədələyib. Müvafiq qurumlar təhdidlərlə bağlı ölçülər götürməyib.
Sənəddə vurğulanır ki, jurnalistlərin döyülməsi, hədələnməsi faktlarının araşdırılması yönündə heç bir irəliləyiş nəzərə çarpmayıb. MHİ qeyd edir ki, jurnalistləri fiziki təzyiqlərdən qorumaq hökumətin öhdəliyi olsa da, bu öhdəlik yerinə yetirilməyib. Sənədin informasiya texnologiyalarına aid bölümünə görə, Azərbaycanda İnternetə çıxış imkanlarının nəzarətə alınması tendensiyalarının nəzərə çarpdığı qeyd olunur. Hesabatda vurğulanır ki, ötən ay Naxçıvan Muxtar Respublikasındakı internet klublarının fəaliyyəti yerli icra hakimiyyəti orqanları tərəfindən məhdudlaşdırılıb, bəzi klublarsa qapadılıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında İnternet Şurası formalaşdırılmaqdadır, şuranın funksiyaları, vəzifələri, konkret hansı məsələləri tənzimləyəcəyi barədə bilgi yoxdur, şuranın internet sahəsində senzor rolunu oynayacağı barədə bilgilər yayılmaqdadır.
Media Hüququ İnstitutu qeyd edir ki, Azərbaycanda tənqidi qəzetlərə olan basqıların, tənqidçi jurnalistlərin müxtəlif qurama ittihamlara həbsə atılmasının, ənənəvi medianın az qala bütün faizini hökumətin nəzarətə götürməsinin fonunda internet daha böyük önəm daşımağa, azad fikri ifadə etməyin yeganə vasitəsinə çevrilməyə başlayır. Ancaq internet sahəsinə aid son hadisələr - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında İnternet Şurası, parlamentin İnternet təchizatı haqqında Qanun qəbul edəcəyi barədə rəsmi açıqlamalar, Naxçıvanda internet klubların fəaliyyətinin məhdudlaşdırılması, habelə hökumətin siyasətini sərt tənqid edən saytlara girişin məhdudlaşdırılması halları, videogörüntülərin internet vasitəsilə yayımlanmasının Milli Teleradio Şurasının tənzimləməsi cəhdləri azad medianın bu son vasitəsinin də hökumətin nəzarəti altına alınması təhlükəsinin siqnalları kimi qəbul edilməlidir. İnternetin bütün dünya çapında yüksələn önəmi tənqidçi ənənəvi mediaya dözməyən hökumətin narahatlığını şərtləndirir.

Azərbaycanda teleradio düzənlənməsinin durumuna gəldikdə MHİ qeyd edir ki, hökumət televiziya və radiolar üzərində tam təsir imkanlarını əlində saxlamaqda davam edir. Dövlət televiziyası – Az TV hələ də tam olaraq ölkə prezidentinin nəzarətindədir, hökumət bu televiziyanı sözdə yox, işdə səhmdarlara verməkdən boyun qaçırmaqda davam edir. Telekanalın büdcəsinin hansı istiqamətlərə xərclənməsi bəlli deyil. MHİ AzTV-nin ictimailəşdirilməsi məsələsinin gündəmə gətirilməsini vacib hesab edir.
Hesabatda bildirilir ki, Milli Teleradio Şurası mart ayında “Xəzər” televiziya kanalına radio açmaq üçün 103 FM-də tezlik verərkən ciddi hüquq pozuntularına yol verib. Televiziya və radio yayımı haqqında Qanunun görə, yayım üçün xüsusi razılıq (lisenziya) müsabiqə əsasında veriməli, müsabiqənin qayda və şərtləri müsabiqədə iştirak etmək barədə ərizələrin qəbul müddətinin başa çatmasından ən azı bir ay əvvəl rəsmi mətbuat orqanında dərc edilməlidir. Ancaq Teleradio Şurası müsabiqə keçirmədən tezlik verməklə ciddi qanun pozuntusuna yol verib.
MHİ həmçinin Azərbaycan ərazisində yayımı dayandırılan Türkiyənin “Kanal D”, Rusiyanın ORT və RTR kanallarının tezliklərini istifadəsiz saxlamaqla Teleradio Şurasının qanunla üzərinə qoyulan vəzifələrə məsuliyyətsiz yanaşdığını, oyuncaq qurum funksiyasını yerinə yetirdiyini qeyd edib.

Media Hüququ İnstitutunun hesabatlarının məqsədi medianın azad və müstəqilliyinə təsir göstərən mühüm hadisələr və tendensiyalara işıq salmaq, bu halları doğuran səbəbləri və onun nəticələrini aradan qaldırmaq üçün tövsiyyələr irəli sürməkdir.
Bookmark and Share

Açar sözlər:

Yazar: imvt | Tarix: Aprel 9, 2008 23:11 | BƏYANATLAR | Şərhlər(0) | Baxış sayı: 49

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha